Muzeydə mart qırğını mövzusunda açıq dərs
Bakı, 31 mart, AZƏRTAC
1918-ci il martın 31-də Bakı soveti və erməni-daşnak silahlı dəstələri Bakıda və Bakı quberniyasında azərbaycanlılara divan tutublar. Həmin günlərdə ermənilərin törətdiyi cinayətlər xalqımızın yaddaşında əbədi iz qoyub. Minlərlə dinc soydaşımız yalnız milli mənsubiyyət əlamətinə görə qətlə yetirilib. Ermənilər evlərə od vurur, adamları diri-diri yandırır, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri və abidələri yerlə-yeksan edirdilər.
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. O vaxtdan hər il martın 31-də Azərbaycanda və dünyanın bir sıra ölkələrində bu faciənin qurbanlarının xatirəsinə həsr edilmiş tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “İstiqlal” Muzeyində Hikmət Nəzərli adına 27 saylı və Paşa Nəzərov adına 66 saylı orta ümumtəhsil məktəblərinin şagirdləri üçün mart qırğını mövzusunda açıq dərsdə səsləndirilib.
Məktəblilər əvvəlcə xalqımızın müstəqillik uğrunda mübarizəsinin müxtəlif mərhələlərini və ermənilərin azərbaycanlılara qarşı təcavüzünü əks etdirən muzeyin ekspozisiyası ilə tanış olublar. Şagirdlərə “İstiqlal” Muzeyinin yaradılması tarixi və fəaliyyəti barədə məlumat verilib.
Muzeyin əməkdaşları Pərvanə Hüseynovanın “Ermənilərin Azərbaycana köçürülməsi”, Arzu Quliyevanın “1905-1907-ci illərdə və 1918-ci ildə azərbaycanlıların soyqırımı”, Fəxriyyə Əliyevanın “1948-1953-cü illərdə azərbaycanlıların köçürülməsi”, Ramazan Babayevin “1988-1994-cü illərdə soyqırımı” mövzularında məruzələri böyük maraqla dinlənilib. Qeyd olunub ki, ermənilər həmişə Azərbaycan xalqına qarşı təcavüzkar siyasət yeridib, ölkəmizin ərazi bütövlüyünə qəsd ediblər. Təəssüf ki, 1918-ci il soyqırımına hələ də beynəlxalq səviyyədə lazımi siyasi-hüquqi qiymət verilməyib.
Sonda 31 mart faciələrini əks etdirən sənədli film göstərilib.