Naftalanda koronavirus əleyhinə vaksinasiyanın ikinci mərhələsinə başlanılıb
Naftalan, 10 fevral, AZƏRTAC
Naftalan şəhərində yanvarın 21-dən koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb. Tibb müəssisələrində xüsusi vaksin otaqları və peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatına uyğun zəruri şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günə kimi şəhər sakinləri arasında 148 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunub. Hazırda yaşı 65-dən yuxarı olan şəxslərin peyvənd olunmasına başlanılıb.
Vaksinasiyaya gələnlər əvvəlcə həkim müayinəsindən keçir, qeydiyyat aparıldıqdan sonra isə vaksinasiya otaqlarına göndərilir. Vaksin olunmuş vətəndaşlar 30 dəqiqə ərzində nəzarət altında saxlanılır və səhhətində hər hansı bir problem olmadıqda evə buraxılırlar.