REGİONLAR
Naftalanda Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü qeyd edilib
Naftalan, 18 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Naftalan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 29-cu ildönümü münasibətilə şəhər icra hakimiyyətinin (ŞİH) və YAP-ın Naftalan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH başçısı Vüqar Novruzov, YAP Naftalan şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Hatəm Qocayev, idarə müəssisə və təşkilat rəhbərləri, partiya fəalları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb.
İştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi naminə göstərdiyi xidmətləri özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.
Sonra Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında təsis olunub. Zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı gündən-günə artmaqdadır.
Sonda YAP sıralarına daxil olan bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilib.