Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi azalıb
Bakı, 17 may, AZƏRTAC
Bu ilin I rübündə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyib. Rüb ərzində nağd və nağdsız valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə azalıb.
AZƏRTAC Mərkəzi Bankın 2023-cü ilin yanvar-mart ayları üzrə Pul Siyasəti icmalına istinadla xəbər verir ki, I rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən rübə nəzərən 8 faiz azalaraq 6,8 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 80,6 faizi ABŞ dollarında, 19,4 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 21,3 faizi banklararası valyuta bazarında (BVB), 78,7 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. Hesabat dövründə BVB-də əməliyyatların həcmi 35 faiz azalaraq 1,4 milyard ABŞ dolları ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 98 faizi ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
Hesabat dövründə banklararası valyuta bazarında yeni davranış modelinin formalaşdırılması məqsədilə mövcud hərrac mexanizmi saxlanılmaqla, Mərkəzi Banka valyuta bazarına çevik reaksiya vermək imkanı verən, banklara real vaxt rejimində xarici valyutaya tələb və təklifi izləməyə və ən optimal məzənnə ilə əqd bağlamağa imkan verən “Blumberq”in “BMatch” platforması aktivləşdirilib. BDVB-də valyuta əməliyyatlarının həcmi 5,3 milyard ABŞ dolları ekvivalentində olub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən 3,4 faiz çoxdur. Əməliyyatların 76 faizini ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,2 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 19,7 faiz azalaraq 971 milyon ABŞ dolları ekvivalentində olub. Bunun 83,1 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Rüb ərzində xarici valyutanın xalis satışı ötən ilin I rübünə nəzərən 6 dəfə azalıb.