MƏDƏNİYYƏT
Nailə Rəhimbəyli: Üzeyir bəyin davamçıları onun irsini yüksək səviyyədə gələcək nəsillərə ötürür
Bakı, 19 sentyabr, AZƏRTAC
Musiqişünaslıq elmi, musiqi nəzəriyyəsi, bəstəkarlıq məktəbimizin hər biri Üzeyir bəyin adı ilə bağlıdır. Zəngin mədəniyyətimizin dərin köklərinin təməlində dahi bəstəkarın imzası var.
Bunu AZƏRTAC-a açıqlamasında musiqişünas, professor Nailə Rəhimbəyli deyib.
O diqqətə çatdırıb ki, hazırda Üzeyir Hacıbəylinin davamçıları onun irsini yüksək səviyyədə gələcək nəsillərə ötürür.
“Professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin felyetonları bu gün də öz dərin məzmunu ilə seçilir. Onun “Azərbaycan xalq musiqisinin əsasları” adlı kitabı bu gün də böyük maraqla oxunur. Üzeyir Hacıbəyli sözügedən əsəri ilə milli musiqişünaslığın əsasını qoyub, habelə Şərq və Avropa musiqisini sintez etməyin yollarını göstərib. Mədəniyyət sahəsinə hər zaman qiymət verən Ulu Öndər Heydər Əliyev sənətkarın yaradıcılığını yüksək qiymətləndirib. Ümummilli Lider Heydər Əliyev Üzeyir bəyin musiqi sənətimizin inkişafındakı misilsiz xidmətlərini nəzərə alaraq, böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etmək məqsədilə onun doğulduğu günü Milli Musiqi Gününü kimi təsis edib.
Milli Musiqi Günündə həm də ölkəmizdə dahi bəstəkarın adını daşıyan beynəlxalq festival başlayır. On gün davam edən bu ənənəvi festivalda dünyanın bir çox ölkələrindən gələn musiqiçilər, musiqi kollektivləri sənətkarın əsərlərini ifa edirlər. Bu istiqamətdə Üzeyir bəyin yaradıcılığı itmir və dünyada tanıdılmağa davam edir. Biz milli dəyərlərimizi gələcək nəsillərə ötürmək üçün daim çalışmalıyıq”,-deyə N.Rəhimbəyli əlavə edib.