Nantdakı “Qarabağ” məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
Nant, 29 dekabr, AZƏRTAC
Fransanın Nant şəhərindəki “Qarabağ” məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində çıxış edən “Qarabağ” məktəbinin layihə rəhbəri və Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri Toğrul Zeynalov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ulu öndər Heydər Əliyev tərəfindən 1991-ci ildə təsis olunduğunu bildirib.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilən bu tarixi günün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi olduğunu, bu bayramın hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə keçirildiyini diqqətə çatdırıb.
Toğrul Zeynalov Nantda qarşıdan gələn yeni ildə onların həmrəyliyinin daha da möhkəmlənməsini arzulayıb.
Tədbirdə “Qarabağ” məktəbinin müəllimləri çıxış edərək bu təhsil ocağının şagirdlərinə Həmrəylik Günü haqqında danışıblar.
Bayram tədbirində məktəbdə təhsil alan azərbaycanlı uşaqlar Vətənimiz haqqında şeir söyləyib və hazırladıqları maraqlı səhnəcikləri nümayiş etdiriblər.
Sonda Şaxta baba uşaqlara Yeni il hədiyyələri təqdim edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Nant