Natali Qule: Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olmalıdır
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycanla tanışlığım 1998-ci ildən başlanıb, ölkəniz haqqında çoxlu məlumat əldə etmişəm. O vaxt Avropanın əksər ölkələrinin Azərbaycan haqqında heç bir məlumatı yox idi. Ötən 20 ildən çox müddət ərzində ölkənizin iqtisadi, sosial və mədəni inkişafının şahidi olmuşam.
AZƏRTAC xəbər verir ki, bunu fransalı senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule söyləyib.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri və həmin torpaqlardan qovularaq çıxarılan insanların hüquqlarının təmin olunması ilə bağlı fikirlərini bölüşən senator deyib: "Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ətraf yeddi rayondan zorla çıxarılan əhalinin hüquqlarının müdafiəsindən söhbət gedərkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu sahədə görülən işləri mütləq xüsusi qeyd etməliyik. Bu sahədə heç kim onunla rəqabət apara bilməz".
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın roluna toxunan Natali Qule bildirib: “Fransa bu mürəkkəb münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədridir. Fransadan gözləntilər böyükdür. Lakin Fransada, həmçinin çox böyük erməni diasporu var. Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş münaqişə" deyil. Fransa problemin həllində daha fəal olmalıdır”. Ölkəmizə səfərləri zamanı qaçqın və məcburi köçkünlərə baş çəkdiyini bildirən fransalı senator Azərbaycan dövləti tərəfindən bu qəbildən olan insanların rifahının və həyat şəraitinin yaxşılaşdırılması üçün davamlı səylərin göstərildiyinin şahidi olduğunu diqqətə çatdırıb.
Natali Qule, eyni zamanda, qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Fransanın strateji və etibarlı müttəfiqidir.
Azərbaycanda insan hüquqları sahəsində görülən işlərdən bəhs edən N.Qule bildirib ki, bir çoxları Azərbaycanda insan hüquqları sahəsində görülən işlərdən və əldə olunan müsbət nəticələrdən məlumatsızdırlar. "Biz, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq dünyadakı dostlarımızın səyləri ilə daha çox regional əməkdaşlıq və vətəndaş cəmiyyəti vasitəsilə münasibətlərimizdə yeni səhifə açmalıyıq", - deyə o əlavə edib.