NATO AZƏRBAYCANIN ƏFQANISTANDAKI SÜLHMƏRAMLILARININ SAYINI ARTIRMAQ TƏŞƏBBÜSÜNÜ DƏSTƏKLƏYİR
NATO Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayını artırmaq təşəbbüsünü dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu fikri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons iyunun 27-də Bakıda keçirdiyi mətbuat konfransında demişdir.
R.Simmons bildirmişdir ki, Bakıya budəfəki səfərində Şimali Atlantika Alyansının Azərbaycanda keçirdiyi tədbirlərdə iştirak etmiş və əməkdaşlığın genişləndirilməsinə dair məsləhətləşmələr aparmışdır. NATO rəsmisi Azərbaycana səfəri çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini qeyd etmişdir. Görüşlərdə Azərbaycan-NATO əlaqələrinin mövcud vəziyyəti və perspektivləri, eləcə də Azərbaycan əsgərlərinin Əfqanıstandakı sülhyaratma əməliyyatlarında iştirakı məsələləri geniş müzakirə olunmuşdur.
R.Simmons Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesini də yüksək qiymətləndirmiş və demişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin NATO ilə əməkdaşlığa dair Fərdi Tərəfdaşlığın Əməliyyat Planı (FTƏP) çərçivəsində təkmilləşdirilməsi davam edir.
Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı suala cavabında xüsusi nümayəndə demişdir ki, hələlik bu məsələ gündəlikdə deyil. Amma Azərbaycan buna qərar versə, FTƏP çərçivəsində görülmüş işlər nəzərə alınacaqdır.