Naxçıvan Atıcılıq Mərkəzində keçirilən oxçuluq yarışı başa çatıb
Naxçıvan, 18 noyabr, AZƏRTAC
Naxçıvan Atıcılıq Mərkəzində gənclər arasında keçirilən oxçuluq üzrə muxtar respublika açıq birinciliyi başa çatıb. Yarış gənclərin atıcılıq idman növlərinə marağını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkili və ən yaxşı atıcıları müəyyən etmək məqsədilə keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliklə Atıcılıq Federasiyası tərəfindən birgə təşkil olunan yarışda, ümumilikdə, 42 nəfər iştirak edib.
Nəticələrə gəlincə, hədəfə daha sərrast atışlar icra edən Hüseyn Əhmədli qalib olub. Ələsgər Qurbanov və Qasım Əliyev müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.
İlk üçlükdə qərarlaşan iştirakçılara diplom, xatirə barelyefi və peyntbol oyunu üçün kupon təqdim edilib.