Naxçıvan Dövlət Universitetində dövlət-universitet-sənaye əməkdaşlıq platformasının görüşü olub
Naxçıvan, 20 fevral, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində 2024-2025-ci tədris ilinə dair təcrübələrin başlanğıc konfransı, dövlət-universitet-sənaye əməkdaşlıq platformasının görüşü olub.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət-gənclər siyasətinin ölkəmizin sosial-iqtisadi inkişafının əsas dayaqlarından biri olduğunu vurğulayıb. O, dövlət başçısının təsdiq etdiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın bu sahədə mühüm islahatları ehtiva etdiyini söyləyib. Eyni zamanda, proqram çərçivəsində institusional inkişaf, idarəetmə sisteminin modernləşdirilməsi, insan kapitalının gücləndirilməsi və innovasiyaların tətbiqi kimi strateji istiqamətlər müəyyən edildiyini bildirib.
Samir Seyidəhmədli dövlət qurumları ilə gənclər arasında əməkdaşlığın gücləndirilməsi, onların gələcək karyera inkişafına dəstək verilməsi və əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasının nəzəri və praktik aspektlərinə toxunub. Universitetlər və dövlət qurumları arasında birgə fəaliyyətin gücləndirilməsinin, tələbələrin yalnız formal təcrübə ilə kifayətlənməyib, öz bacarıqlarını daim təkmilləşdirmələrinin önəmindən bəhs edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitet həyatında pedaqoji təcrübə və istehsalatın bir-birini tamamlayan iki mühüm hadisə olduğunu bildirib. Qeyd edib ki, 2024-2025-ci tədris ilinin ikinci yarısında Naxçıvan Dövlət Universiteti üzrə 1555 tələbə təcrübə keçəcək. Onlardan 1345 tələbə əyani, 210 tələbə qiyabidir. Tələbələrin istehsalat təcrübəsi 4 həftəlik, 5 həftəlik, 14 həftəlik və 20 həftəlik olacaq, 43 müəssisə və təşkilatda keçiriləcək. Təcrübəyə 83 ixtisas üzrə 1112 tələbə göndəriləcək. İstehsalat təcrübələrinə, ümumilikdə, 107 təcrübə rəhbəri təyin olunub. Pedaqoji təcrübələr 20 həftə davam edəcək. Eyni zamanda, elmi-tədqiqat təcrübəsində 14 ümumtəhsil müəssisəsində 21 ixtisas üzrə 443 tələbə pedaqoji təcrübə keçəcək. Pedaqoji təcrübələrə isə 137 təcrübə rəhbəri təyin olunub. Bundan əlavə, hazırda 216 magistr elmi-tədqiqat təcrübəsi keçməkdədir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin ötən tədris ilinin təcrübələrindən hazırlanan videoçarx izlənilib, çıxışlar dinlənilib.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə gənclərlə işin təşkili, onların peşəkar kadr kimi formalaşması, eyni zamanda, əmək bazarına daxil olan ali təhsilli gənclərin məşğulluğunun təmin edilməsi yönündə fəaliyyətlərdən bəhs edib. Bu fəaliyyətlərin təşkilində universitet-sənaye işbirliyinin ölkənin iqtisadi inkişafına və işçi qüvvəsinin potensialının artırılmasına mühüm töhfə olduğunu vurğulayıb.
Naxçıvan Dövlət Universitetinin Karyera, təcrübə və məzunlarla iş sektorunun müdiri Aynurə Seyidovaya “Təcrübələrin təşkilinə dair tələblər və qarşıda duran vəzifələr” barədə məlumat verib.
Sonra sual-cavab sessiyası olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi ilə tanışlıq olub.