REGİONLAR
Naxçıvan Dövlət Universitetinin rektoru “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşüb
Naxçıvan, 22 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Açıq mikrofon” layihəsi çərçivəsində ali təhsil ocağının rektoru Elbrus İsayev tələbələrlə görüşüb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə rektoru Elbrus İsayev tələbələrin universitetin elmi və tədris göstəricilərinin yüksəlişində xüsusi rolu olduğunu qeyd edib. Bildirib ki, tələbə təşkilatları tərəfindən onların fərdi inkişafının təmin edilməsi, onların vətəndaş mövqeyinin gücləndirilməsi, tələbələrin ictimai layihə və tədbirlərdə fəallığının artırılması, elmi-tədqiqata maraq oyadılması, maarifləndirmə işinin aparılması istiqamətində işlər görülür.
Qeyd olunub ki, tələbə təşkilatlarının fəaliyyəti nəticəsində tələbələr respublikada keçirilən idman yarışları, intellektual oyunlar, hüquq və məntiq olimpiadaları, seminarlar, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli yarışlarda universiteti layiqincə təmsil edir və nailiyyət əldə edirlər. Rektor fakültə tələbə təşkilatlarının işini dəyərləndirərək onların təşəbbüsü ilə keçirilən layihələrin və tədbirlərin davamlı hal aldığını diqqətə çatdırıb. Qeyd edib ki, tələbələrə elektron təhsildə də geniş imkanlar yaradılaraq, LMS sistemi vasitəsilə mühazirə mətnlərinin, imtahan suallarının əvvəldən sistemə yerləşdirilməsi tələbələrin təhsildə keyfiyyət göstəricilərinin artırılmasına xidmət edir. Beləliklə, onlar dərs prosesində vaxtı dəyərləndirərək müəllimlə daha intensiv işləyirlər.
Elbrus İsayev keçirilən görüşün tələbələr üçün əhəmiyyətində danışaraq bu kimi tədbirlərin davamlı xarakter alacağını bildirib. Tələbələrlə dərslərdə, auditoriyalarda, müxtəlif tədbirlərdə mütəmadi olaraq görüşlərin keçirildiyini deyən rektor universitetin rəsmi internet saytında (ndu.edu.az) “Rektora müraciət” bölməsi üzərindən də şikayət və təkliflərin qəbul edildiyini diqqətə çatdırıb.
Sonra hər fakültə üzrə tələbələr kollokvium, imtahan, seminar və mühazirələrin keçirilməsi, kredit sistemi, dərs vəsaitləri və onları maraqlandıran mövzularda təklif və şikayətlərini rektora ünvanlayıb və suallar ətraflı cavablandırılıb.