Naxçıvan Hərbi Hospitalına bayram sovqatı aparılıb
Naxçıvan, 19 mart, AZƏRTAC
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət-ordu-xalq birliyi bu gün muxtar respublikada davam etdirilir. Xalqımızın milli birliyinin rəmzinə çevrilən Novruz bayramında əsgərlərin yad edilməsi, onlara bayram sovqatı aparılması da bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Hərbi Hospitalına gəlib, hərbi qulluqçuların sağlamlığı, müalicəsi, dərman təchizatı və qidalanması ilə maraqlanıb.
Məlumat verilib ki, son illər muxtar respublikada həyata keçirilən ordu quruculuğu, hərbi hissə və birləşmələrdə yaradılan müasir şərait şəxsi heyətdə ruh yüksəkliyi yaradıb. Əsgərlərin bütün qayğıları, o cümlədən sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılır. Vaxtlı-vaxtında profilaktik tədbirlər görülür, hərbi qulluqçular mütəmadi tibbi müayinədən keçirilir. Hərbi hospitalın lazımi dərman vasitələri və tibbi ləvazimatlarla təminatı müayinə və müalicənin düzgün təşkilinə imkan verir. Burada xəstələrin qidalanması xüsusi nəzarətə götürülür və gigiyenik qaydalara tam əməl olunur.
Ali Məclisin Sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbi qulluqçuların bayramlarını təbrik edib, onlara tezliklə sağalıb xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Hospitalda müalicə alan əsgərlərə və tibb heyətinə bayram hədiyyələri paylanıb.