Naxçıvan məktəblərində qazanxanaların yenidən qurulmasına başlanılıb – 14 müəssisədə işlər tamamlanıb
Naxçıvan, 19 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramının icrası çərçivəsində muxtar respublika ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində istilik sistemlərinin binadan kənara çıxarılmasına başlanılıb.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məqsəd təhsil müəssisələrində istilik təhlükəsizliyinin artırılması, həmçinin müasir standartlara uyğun şəraitin yaradılmasıdır.
Ölkədə mövcud olan təcrübə araşdırılıb və divar tipli qazanxanaların quraşdırılması daha məqsədəuyğun hesab edilib. Bu məqsədlə “Besttexnik” MMC ilə müqavilə bağlanıb və artıq işlərə start verilib. Layihənin ilkin mərhələsində nisbətən kiçik ölçülü təhsil müəssisələri, eyni zamanda, ucqar kəndlərdə yerləşən məktəblər seçilib. Hazırda quraşdırma işləri mərhələli şəkildə həyata keçirilir.
Cari tədris ili ərzində, ümumilikdə, 30-a yaxın təhsil müəssisəsində qazanxanaların binadan kənara çıxarılması nəzərdə tutulur. Artıq 14 təhsil müəssisəsində montaj-quraşdırma işləri tamamlanıb. Digər müəssisələrdə isə işlərin yanvar ayının sonunadək yekunlaşdırılması planlaşdırılır.