Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 9 may, AZƏRTAC
Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderlə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyasının ölkəmizdəki səfirliyi, eləcə də İsveçrə Əməkdaşlıq Ofisi və Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı əlaqələrin bir çox sahələri əhatə etdiyini diqqətə çatdırıb. Kəhrizlərin bərpası layihəsini faydalı əməkdaşlığın göstəricisi kimi dəyərləndirən Ali Məclisin Sədri bunun nəticəsi olaraq 2011-ci ildə İsveçrə Konfederasiyasının o zamankı Prezidenti xanım Mişelin Kalmi-Reyin Naxçıvana səfər etdiyini və bir sıra görüşlər keçirildiyini xatırladıb.
Ali Məclisin Sədri əməkdaşlıq zamanı qazanılan təcrübənin hazırda muxtar respublikada tətbiq olunduğunu bildirib, səfirin ölkəmizdəki fəaliyyətinin ikitərəfli münasibətlərin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Muxtar respublikaya ilk dəfə səfər etdiyini və Naxçıvanda olmaqdan məmnunluğunu bildirən səfir Filip Ştalder göstərilən xoş münasibətə görə minnətdarlıq edib. Qarşılıqlı əlaqələrdən danışan səfir diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da genişləndirilməsinə çalışacağını qeyd edib.
İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktor müavini xanım Simon Hayberli görüşdə iştirak edib.