SİYASƏT
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri acarıstanlı uşaqlarla görüşüb
Bu muxtar respublikalar arasında qarşılıqlı rəsmi səfərlər ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə yüksəldib. Səhiyyə sahəsində də həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2012 və 2013-cü illərdə tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrin uşaqlarının Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi təşkil edilib.
Bu tədbirlərin davamı kimi, avqustun 23-də Acarıstan Muxtar Respublikasından gələn 23 uşaq Duzdağ Fizioterapiya Mərkəzində 10 günlük müalicə kursu keçib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov acarıstanlı uşaqlarla görüşüb, onların səhhəti ilə maraqlanıb.
Ali Məclisin Sədri ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında gənc nəslin sağlam və vətənpərvər ruhda böyüdülməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, istifadəyə verilən səhiyyə müəssisələri, yaradılan müasir müalicə-istirahət mərkəzləri və mövcud idman infrastrukturu gənclərin hərtərəfli inkişafına xidmət edir.
Naxçıvan Muxtar Respublikasının Acarıstan Muxtar Respublikası ilə ikitərəfli əməkdaşlığa mühüm əhəmiyyət verdiyini vurğulayan Ali Məclisin Sədri hər iki muxtar qurum arasında münasibətlərin, xüsusilə səhiyyə sahəsində əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonra Ali Məclisin Sədri acarıstanlı uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.