Naxçıvan Muxtar Respublikası gömrük orqanlarının əməkdaşları Milli Qurtuluş Gününü qeyd etmişlər
Naxçıvan, 12 iyun (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası (MR) gömrük orqanlarının əməkdaşları müstəqillik dövrü tariximizdə son dərəcə mühüm və taleyüklü bir mərhələni təşkil edən 15 İyun - Milli Qurtuluş Gününü qeyd etmişlər.
Bu münasibətlə Naxçıvan MR Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Heydər Əliyev Lektoriyasının növbəti məşğələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev və Azərbaycan” mövzusunda təşkil olunan sayca on yeddinci məşğələni Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açmışdır. Bildirmişdir ki, bu gün Azərbaycan xalqı və dövləti bütövlükdə öz müstəqilliyinə, bu gününə və gələcəyinə görə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasına borcludur. Məhz müstəqillik dövründə əldə edilən bütün uğurların, ölkəmizdə hökm sürən siyasi-iqtisadi sabitliyin, təmin olunan təhlükəsizliyin, mövcud iqtisadi qüdrətin kökündə Ulu Öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı dayanır.
Vurğulanmışdır ki, dahi rəhbərin məhv olmaq təhlükəsindən xilas edib, dönməz və əbədi müstəqillik yoluna çıxardığı Azərbaycan - xilaskar və qurucu rəhbərin, xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəridir.
“Heydər Əliyev və Azərbaycan” mövzusunda çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli bildirmişdir ki, tarixən müstəqilliyi və müqəddəratı uğrunda mübarizə aparan, bir gün doğacaq azadlıq günəşinin ümidi ilə tarixin ağır dönəmində öz varlığını qoruyub saxlayan Azərbaycan xalqının müstəqillik tarixində Milli Qurtuluş Gününün həlledici rolu və önəmi vardır. Dahi rəhbər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ümidsizliyə düçar olmuş, sabaha olan inamı sarsılmış bir xalqın özünə qayıdışı baxımından əlamətdardır.
Komitənin istintaq və təhqiqat şöbəsinin rəisi, gömrük xidməti mayoru Süleyman Seyidov “Heydər Əliyev: müdriklik xəzinəsi” mövzusunda məruzəsində vurğulamışdır ki, görkəmli dövlət xadimi Heydər Əliyev öz əməli fəaliyyəti ilə nəinki xalqımız, bütün insanlıq üçün dəyərli bir xidmət nümunəsi yaratmışdır. Ulu Öndərin müdrikliyi bəşəri ideyaların ölməzliyinin, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyinin nümunəsidir.
Çıxışlarda vurğulanmışdır ki, əbədiyaşar lider Heydər Əliyevin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər həyatımızın bütün sahələrində qazanılan nailiyyətlər Ulu Öndərimizin dövlətçilik ideyalarının təntənəsidir. Azərbaycan öz liderinin ideyaları işığında, Prezidentinin rəhbərliyi altında böyük uğurlar qazanır.
Sonda tədbir iştirakçıları “Azərbaycan qədər əbədi” adlı filmə baxmışlar.