Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının kadr qurumları ilə müntəzəm iş aparılır
Naxçıvan, 20 iyun (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada muxtar respublikanın dövlət orqanlarının kadr qurumları ilə bağlı seminar keçirilmişdir.
Seminarda muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının kadr qurumlarının nümayəndələri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rafiq Nəcəfov açaraq tədbirin mahiyyəti barədə iştirakçılara məlumat vermişdir.
Komissiyanın sektor müdiri Arzuman İmanov “Dövlət qulluqçularının şəxsi işinin aparılması qaydaları” mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Azərbaycan Respublikasında son illərdə müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Dövlət qulluğunun qanunvericilik bazasının yaradılması, dövlət qulluqçularının müxtəlif sosial hüquqlarının təmin olunması məqsədilə bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Tədbirdə dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlıq işinin və Azərbaycan Respublikasının dövlət qulluqçularının reyestrinin aparılması, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları haqqında məlumat verilmiş, dövlət orqanları tərəfindən komissiyaya göndərilən sənədlərdə daha çox rast gəlinən nöqsanlar və onların aradan qaldırılması yolları müzakirə edilmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.