NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏCLİSİNDƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İqdır vilayətinin valisi Xəlil Ulusoyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları səmimiyyətlə salamlayan Ali Məclisin sədri Xəlil Ulusoyu İqdır vilayətinin valisi vəzifəsində işə başlaması münasibətilə təbrik etmiş, onu Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir.
Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin İqdır vilayəti arasında əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1991-ci ildə qoyulmuş əlaqələrin getdikcə inkişaf edərək bugünkü səviyyəyə çatmasında ulu öndərimizin fəaliyyətinin çox böyük olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən Türkiyə ilə yaratdığı əlaqələr sayəsində qədim diyarı çətin vəziyyətdən çıxarmış, xilas etmişdir. “Ümid körpüsü”nün tikintisi qonşu türk vilayətləri ilə əlaqələrin başlanğıcı olmuşdur. O zamandan bəri Naxçıvanla İqdır arasında qırılmaz qarşılıqlı əlaqələr mövcuddur. Bununla yanaşı, Qars, Van, Ərzurum və Ankara ilə əlaqələrə də diqqət yetirilir. Bu əlaqələrin möhkəmləndirilməsində Azərbaycan dövlətinin Qarsdakı Konsulluğu böyük əhəmiyyətə malikdir. Qars Qafqaz Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında elmi əlaqələr get-gedə inkişaf edir. Naxçıvan Dövlət Universitetində türkiyəli tələbələr təhsil alır. Son dövrlər Naxçıvanda görülən işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən bölmələrinə Türkiyə Silahlı Qüvvələri tərəfindən daimi yardım göstərilir.
Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə Türkiyəyə səfəri zamanı dediyi bu sözləri xatırlatmışdır. “Ölkələrimiz bundan sonra da bir-birinə həmişə dayaq, arxa olacaqdır: Biz daim birlikdə olacağıq. Bizim gücümüz birliyimizdədir”. Biz də çalışırıq ki, bu birliyimizi daim qoruyaq, möhkəmləndirək və inkişaf etdirək.
Ali Məclisin sədri tanışlıq səfərinə gələn İqdır valisinə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı, təbii ehtiyatları barədə məlumat vermiş, burada yerli iş adamları ilə bərabər Türkiyə şirkətlərinin də fəaliyyət göstərdiyini bildirmiş, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi üçün qarşılıqlı əməkdaşlığa geniş imkanlar olduğunu qeyd etmişdir.
İqdır valisi Xəlil Ulusoy səmimi görüşə görə minnətdarlığını bildirmiş, Naxçıvan Muxtar Respublikası ilə İqdır vilayəti arasında möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.