Naxçıvan Qarnizonunda keçirilən yarışda xüsusi təyinatlılar, tankçılar və motoatıcılar fərqləniblər
Naxçıvan, 30 aprel, AZƏRTAC
2018-ci ilin döyüş hazırlığı planına əsasən, Naxçıvan Qarnizonu üzrə keçirilən hərbi beşnövçülük üzrə birincilikdə 14 komandada 80 hərbi qulluqçu mübarizə aparıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atəş açma, qumbaraatma, 8 kilometr məsafəyə kross qaçışı və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.
Əlahiddə Ümumqoşun Ordunun zabiti mayor Vahid Məmmədovun rəhbərlik etdiyi hərbi beşnövçülük yarışlarında hərbi qulluqçularla yanaşı, Heydər Əliyev adına Hərbi Liseyin kursantları da iştirak ediblər.
Hərbi qulluqçuların birinciliyində komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə tankçılar, 3-cü yerdə isə motoatıcılar qərarlaşıblar.
İlk üçlükdə qərarlaşan komanda və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.