“Naxçıvan” Universitetində soyqırımı qurbanlarının xatirəsi anılıb
Naxçıvan, 31 mart, AZƏRTAC
“Naxçıvan” Universitetində “Xalqımıza qarşı erməni daşnaklarının və bolşeviklərin birgə həyata keçirdiyi soyqırımı - 31 mart” mövzusunda keçirilən konfransda ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev iki əsr ərzində Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdən, ermənilərin deportasiya və soyqırımı siyasətlərindən, eləcə də 1918-ci ildə Naxçıvanda baş vermiş qırğınlardan ətraflı söhbət açıb.
AZƏRTAC xəbər verir ki, “Naxçıvan” Universitetinin rektoru düşmənlərin zaman-zaman törətdikləri soyqırımı və təcavüz siyasətinin mahiyyətini açıqlayaraq, ermənilərin xalqımızın başına gətirdiyi insanlığa sığmayan müsibətləri bəşəriyyətə qarşı cinayət adlandırıb.
Sonra universitetin tərbiyə işləri üzrə prorektoru, ümumi tarix kafedrasının müəllimi Əli Yusifovun “Mart soyqırımının tarixi-siyasi səbəbləri”, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun “XX əsrdə azərbaycanlıların soyqırımı və deportasiyası” mövzularında məruzələri dinlənilib.
Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ilin martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanına toxunan məruzəçilər, bu dövlət sənədinin ermənilərin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi mart qırğınına verilən obyektiv, tarixi, siyasi və hüquqi qiymət olduğunu vurğulayıblar.
Qeyd olunub ki, mənfur qonşularımızın apardığı təcavüzkar siyasət Ermənistanın özü üçün ən ağır zərbədir. Belə ki, regionda enerji və nəqliyyat layihələri həyata keçirən Azərbaycan təcavüzkar ölkəni mühüm əhəmiyyətə malik həmin layihələrdən təcrid edib. Bu gün qüdrətli Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqları geri qaytarmaq iqtidarındadır.
Konfransın sonunda “Soyqırımı və deportasiya tarixi” adlı slayd nümayiş olunub.