Naxçıvanda həyata keçirilən “Mədəniyyətin izi ilə” sosial mədəniyyət layihəsinə yekun vurulub
Naxçıvan, 26 dekabr, AZƏRTAC
Bu ilin iyun ayından Naxçıvanda start verilən onlayn “Mədəniyyətin izi ilə” sosial mədəniyyət layihəsinə yekun vurulub, qaliblər müəyyənləşdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliği, xüsusi istedada malik insanların axtarışı və onların üzə çıxarılması, unudulmaqda olan milli-mənəvi dəyərlərin tədqiq edilməsi və ictimaiyyətə təqdim olunması, muxtar respublika ərazisindəki abidələrin və diyarımızda ayrı-ayrı bölgələrin tanıdılması məqsədi daşıyır.
Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları ilə yanaşı, muxtar respublikanın müxtəlif bölgələrinin sakinlərinin də iştirak etdiyi bu sosial layihəyə müxtəlif formatda materiallar - videoçarxlar, videoslaydlar, filmlər, musiqi nömrələri, tanıtım çarxları, rəsm əsərləri, araşdırma xarakterli məqalələr, mətnlər qəbul edilib. İyunun 22-dən dekabrın 10-dək, ümumilikdə, 44 layihə qəbul edilib.
Ekspertlər tərəfindən həmin layihələr üzrə qiymətləndirmə aparılıb, 12 layihə yekun baxışına qəbul edilib.
Layihənin yekun baxışına qəbul edilmiş materialların münsiflər heyəti tərəfindən dəyərləndirilməsi aparılıb. Səyyar Məmmədovun “Şahbəzəmə” filmi, Aidə İbrahimovanın “Bədii tikmələr” videomaterialı, Səməd Canbaxşıyevin “Kosabəzəmə” folklor nümunəsi, Elnurə Abbasovanın “Azərbaycan milli musiqi alətləri: tulum” videoslaydı və Nizami Əzizəliyevin “Daşişləmə” analitik təhlili layihənin qalibləri olub.
Qaliblər nazirliyin diplomları ilə təltif edilib.