Naxçıvanda İmmunlaşdırma Həftəsinə start verilib







Naxçıvan, 29 aprel, AZƏRTAC
Naxçıvanda İmmunlaşdırma Həftəsinə start verilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məqsəd peyvəndləmə sahəsində əhalinin maarifləndirilməsi, peyvənddən kənar qalmış uşaqların immunizasiya prosesinə cəlb olunması, eyni zamanda, ağır yoluxucu xəstəliklər və onların fəsadlarına qarşı qorunmanın təmin edilməsidir.
İmmunlaşdırma Həftəsinin rəsmi açılış tədbiri müxtəlif maarifləndirici və praktiki fəaliyyətlərlə yadda qalıb. Tədbir çərçivəsində valideynlərlə peyvəndin əhəmiyyəti barədə ətraflı söhbətlər aparılıb, onların sualları cavablandırılıb və peyvəndin əhəmiyyəti barədə məlumatlandırma materialları təqdim olunub. Eyni zamanda, peyvənd olunmayan uşaqlara uyğun vaksinlər tətbiq edilib. Uşaqların maraq və diqqətini cəlb etmək, tədbiri onlar üçün daha yadda qalan və xoş keçirmək məqsədilə əyləncəli şou proqram da təşkil olunub. Bu, həm uşaqlarda pozitiv təəssürat yaradıb, həm də valideynlərin təşvişlərini azaltmağa kömək edib.
Həftə çərçivəsində muxtar respublikanın bütün rayonlarında tədbirlər davam etdiriləcək, peyvənddən imtina edən valideynlərlə görüşlər keçiriləcək, onların narahatlıqları dinləniləcək və maarifləndirmə işləri aparılacaq. Daha sonra isə həmin uşaqlara müvafiq peyvəndlər vurulacaq.