NAXÇIVANDA İQTİSADİ İSLAHATLAR SAHİBKARLIĞIN İNKİŞAFINA TƏKAN VERMİŞDİR
Naxçıvan, 11 avqust (AZƏRTAC). Son illər həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada sahibkarlığın inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın inkişafında onun rolunu artırmışdır.
Keyfiyyətli məhsul bolluğunun yaradılmasında, rəqabətə davamlı istehsal sahələrinin inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında sahibkarlıq həlledici amilə çevrilməkdədir. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli Sərəncamının bölgədə icrası nəticəsində təkcə 2010-cu ilin yanvar-iyun aylarında 44 hüquqi və 731 fiziki şəxs qeydiyyata alınmışdır.
Muxtar respublikada genişmiqyaslı kreditləşmənin təşkili əsasında sahibkarlıq fəaliyyətinin inkişafı davamlı olaraq stimullaşdırılır. 2010-cu ilin yanvar-iyun ayları ərzində sahibkarlara 18 milyon 77 min manat həcmində güzəştli kreditlər verilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz və ya 925 min manat çoxdur. Bu dövr ərzində sənaye sahəsinə 5 milyon 567 min manat, tikinti sahəsinə 2 milyon 155 min manat, kənd təsərrüfatı sahəsinə (balıqyetişdirmə, taxılçılıq, kartofçuluq, şəkər çuğunduru istehsalı, limonçuluq, üzümçülük, istixana kompleksləri, heyvandarlıq, arıçılıq, quşçuluq) 5 milyon 326 min 555 manat, topdan və pərakəndə ticarət sahəsinə 1 milyon 201 min 473 manat, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahəsinə 100 min manat, maliyyə fəaliyyətinə 1 milyon 100 min manat, sosial və şəxsi xidmətlərin göstərilməsi sahəsinə isə 2 milyon 626 min 941 manat həcmində kreditlər verilmişdir. Kreditlərin 8 milyon 846 min manatını və ya 48,9 faizini muxtar respublikanın Sahibkarlığa Kömək Fondunun vəsaitləri, 5 milyon 379 min 900 manatını və ya 29,8 faizini bankların öz vəsaitləri, 3 milyon 851 min 100 manatını və ya 21,3 faizini isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının vəsaitləri təşkil etmişdir.
Sahibkarlıq fəaliyyətinin inkişaf dinamikasını xarakterizə edən mühüm bir fakt ondan ibarətdir ki, bu gün muxtar respublikada 287 növdə məhsul istehsal olunur, onun da 108 növü ərzaq, 179 növü qeyri-ərzaq məhsullarıdır. Xatırladaq ki, 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə muxtar respublikada 242 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Sahibkarlıq fəaliyyətinin inkişafı əhali gəlirlərinin artmasına müsbət təsir göstərmişdir. 2010-cu ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin gəlirləri 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz artaraq 436 milyon 830 min 500 manat, onun adambaşına düşən hissəsi isə 7,2 faiz yüksələrək, 1081,6 manat təşkil etmişdir.
Əhali gəlirlərinin əsas tərkib elementlərindən biri də əmək haqqıdır. Hesabat dövründə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 277,8 manat olmuş və 2009-cu ilin müvafiq göstəricisini 6,6 faiz üstələmişdir.
Gəlirlərin, əmək haqlarının davamlı artımı öz növbəsində istehlak xərclərindən sonra vəsaitlərin bir hissəsinin yığıma yönəldilməsini təmin edir. Əgər 2009-cu il iyulun 1-nə muxtar respublika ərazisində fəaliyyət göstərən bank strukturlarında 2 milyon 623 min 400 manat əhali əmanəti mövcud idisə, bir il sonra bu göstərici 927 min 300 manat artaraq, 3 milyon 550 min 700 manata çatmışdır.
Əldə olunmuş yüksək inkişaf templəri səmərəli məşğulluğun təşkili və yeni iş yerlərinin yaradılması üçün də əlverişli mühit formalaşdırmışdır. 2003-cü il oktyabr ayının 1-dən 2010-cu il iyul ayının 1-dək Naxçıvan Muxtar Respublikasında 43804 yeni iş yeri yaradılmışdır ki, onun da 28711-i və ya 65,5 faizi daimidir. 2010-cu ilin yanvar-iyun ayları ərzində açılan 1989 iş yerinin isə 1578-i və ya 79,3 faizi daimi iş yerlərinin payına düşür.