Naxçıvanda məntəqə seçki komissiyalarının üzvləri üçün keçirilən seminar-treninqlər başa çatıb
Şahbuz, 16 mart, AZƏRTAC
Məntəqə seçki komissiyasının sədri komissiya üzvləri arasında iş bölgüsü apararkən qanunvericiliyin tələblərini gözləməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 15-də 5 saylı Şahbuz-Babək seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvləri üçün keçirilən seminar-treninqdə danışılıb.
Komissiyanın sədri Taməddin Hüseynov seçki məntəqələrində səsvermə kabinələrinin təşkili, yerləşdirilməsi zəruri olan sənədlər və avadanlıqlar haqqında məlumat verib, seçki prosesinin şəffaflığını, seçicilərin səsvermədə mütəşəkkil şəkildə iştirakını təmin etmək üçün qarşıda duran vəzifələrdən bəhs edib.
5 saylı Şahbuz-Babək seçki dairəsi dairə seçki komissiyasının katibi Nazim Piriyev səsvermə prosesindən danışaraq məntəqə seçki komissiyası üzvlərinin yerinə yetirəcəyi vəzifələr barədə məlumat verib.
Seminarda çıxış edən dairə seçki komissiyasının baş məsləhətçisi Asim Quliyev səslərin sayılması və protokolların doldurulmasından söz açıb.
Qeyd edək ki, muxtar respublikada Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla əlaqədar olaraq məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil edilən seminar-treninqlər martın 16-da başa çatıb.