NAXÇIVANDA MÜLKİ MÜDAFİƏ MƏRKƏZİ AÇILMIŞDIR
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edirdi.
Mərkəzin rəisi polkovnik-leytenant Kərəm Zellabdinov Ali baş komandan İlham Əliyevə raport verdi.
Ali baş komandana məruzə edildi ki, Mülki Müdafiə Mərkəzi regional şöbədən, mülki müdafiə postlarından və mülki müdafiə sərhəd dəstəsindən ibarətdir.
Regional şöbə baş vermiş fövqəladə halların nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün qəza-axtarış işlərinin aparılmasını təşkil edir, mülki müdafiə tədbirləri hazırlayır və həyata keçirir. Mülki müdafiə qrupları, yerli icra hakimiyyəti orqanlarının, istehsal və sosial təyinatlı obyektlərin mülki müdafiə heyətini hazırlayır. Bu qüvvələr qısa müddət ərzində səfərbər olunaraq, xilasetmə işlərinin aparılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərini yerinə yetirir.
Dövlətimizin başçısına məlumat verildi ki, regionda güclü zəlzələ baş verərsə, bunun muxtar respublikaya, o cümlədən su anbarlarının bəndlərinə də mənfi təsiri ola bilər. Bundan əlavə Şahbuz, Culfa və Ordubad rayonlarının dağətəyi kəndlərində torpaq sürüşməsi ehtimalı da vardır. Ermənistan ərazisindəki atom elektrik stansiyası da təhlükə mənbəyidir. Fövqəladə hallar baş verəcəyi təqdirdə Muxtar Respublikanın Nazirlər Kabineti yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasında və rayon fövqəladə hallar komissiyalarında dərhal operativ qaydada idarəetmə məntəqələri yaradılacaq və onlar fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə məşğul olacaqlar.
Sonra Prezident İlham Əliyev regional şöbənin qərargahı, texniki park və anbarla tanış oldu, mülki müdafiə üçün lazım olan texniki vasitələrlə maraqlandı. Dövlətimizin başçısı muxtar respublikada mülki müdafiə sahəsində görülən işlərdən razı qaldığını bildirdi.