Naxçıvanda təşkil olunan “Nağdsız ödəyin, hədiyyə qazanın” tədbirinin qalibləri mükafatlandırılıblar
Naxçıvan, 25 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin on üçüncü tirajının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2020-ci il yanvarın 1-dən iyulun 1-dək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bununla əlaqədar Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilib, nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üçün bir sıra tapşırıqlar verilib. Qeyd edilib ki, verilən tapşırıqlara uyğun olaraq nağdsız ödəniş infrastrukturunun genişləndirilməsi, maarifləndirmə və əhalidə nağdsız ödənişə marağın artırılması üçün həvəsləndirici tədbirlər keçirilir. Görülmüş işlərin nəticəsi olaraq nağdsız ödənişlərin əsas vasitələrindən olan POS-terminal aparatlarının sayı muxtar respublika üzrə 1 iyul 2020-ci il tarixə 1310 ədədə çatdırılıb.
Vurğulanıb ki, nağdsız dövriyyənin artırılması məqsədilə aparılan maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini verib. Belə ki, təkcə 2019-cu ildə 810 şəxsə 50 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Ümumilikdə, 2014-cü ildən başlayaraq keçirilən 12 tirajda 2989 vətəndaşa 190 min manat dəyərində müxtəlif həvəsləndirici hədiyyələr verilib. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 13-cü tirajında isə 426 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim ediləcək.
Tədbirdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Emin Quliyev qeyd edib ki, müasir dövrün aktual iqtisadi istiqamətlərindən biri məhz nağdsız ödəniş sisteminin inkişaf etdirilməsidir. Bu sahəyə marağın gündən-günə artması statistik rəqəmlərdə də müşahidə olunur. Belə ki, 2019-cu ilin yanvar-dekabr aylarında POS-terminal və digər ödəniş vasitələrilə aparılan nağdsız əməliyyatların həcmi 45 milyon 550 min 608 manat təşkil edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 457 min 258 manat artım qeydə alınıb. Nağdsız ödənişlərin 14 milyon 717 min 545 manatı POS-terminallar vasitəsilə, 30 milyon 833 min 63 manatı isə internet və digər ödəniş vasitələri üzərindən icra edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Vergi nəzarəti tədbirlərinin təhlili şöbəsinin rəisi Rəşad Əliyev çıxışında nəzərə çatdırıb ki, hədiyyələr 6 aylıq müvafiq məlumatlar və bir sıra amillərə uyğun olaraq meyarlar üzrə qruplaşdırılıb. Belə ki, 1-ci meyar üzrə 400 manatdan 601 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunan hədiyyələrin dəyəri 30-50 manat arasında müəyyən olunub. Bu meyarda muxtar respublika üzrə 177 şəxs, o cümlədən Naxçıvan şəhəri üzrə 31 şəxs hədiyyə qazanıb. 2-ci meyar üzrə 601 manatdan 801 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunan hədiyyələrin dəyəri 50-70 manat arasında müəyyən olunub ki, bu meyarda da muxtar respublika üzrə 122 şəxs, o cümlədən Naxçıvan şəhəri üzrə 27 şəxs hədiyyə qazanıb. 3-cü meyar üzrə 801 manatdan çox nağdsız əməliyyat aparan şəxslərə təqdim olunan hədiyyələrin dəyəri 70-90 manat arasında müəyyən olunub ki, bu meyarda da muxtar respublika üzrə 113 şəxs, o cümlədən Naxçıvan şəhəri üzrə 20 şəxs hədiyyə qazanıb.
Sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim olunub.