İQTİSADİYYAT
Nazir: Özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında xüsusi çəkisi 75 faizi üstələyir
Bakı, 16 iyul, AZƏRTAC
Cari ildə ötən ilin eyni dövrü ilə müqayisədə vergi mədaxili 49 faizdən çox artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
O bildirib ki, qeyri-neft sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 38 faizdən çox artıb. Onlayn kassa aparatları quraşdırılmış vergiödəyicilərinin dövriyyələrinin 55 faiz artması ticarət sektorunun daxilolmalarının artım tempini sürətləndirən mühüm amillərdən biridir.
Nazirin sözlərinə görə, iqtisadiyyatda “ağarma” proseslərinin miqyasını, həmçinin bank sektorunun bəzi göstəriciləri ilə müşahidə edə bilərik. Belə ki, nağd pul kütləsinin cəmi pul kütləsində manatla xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 49 faizdən cari il iyunun 1-nə 44 faizə, plastik kartlar və ölkədaxili əməliyyatlarda isə nağd pulun çıxarılmasının xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 73 faizdən cari il iyunun 1-nə 60 faizə enib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari il iyun ayının 1-də sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarının sayı 47 faiz artıb.
“Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 35 faizindən çox artmasını da xüsusilə qeyd etmək lazımdır. Özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında xüsusi çəkisi 75 faizi üstələyir”, - deyə iqtisadiyyat naziri əlavə edib.