NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Sentyabrın 24-də Azərbaycanın baş naziri Artur Rasizadə Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Gennadi Seleznyovun başçılığı ilə respublikamızda rəsmi səfərdə olan nümayəndə heyətini qəbul etmişdir.
Baş nazir qonaqları səmimiyyətlə salamlayaraq, Rusiya parlamenti üzvlərinin ölkəmizə səfərini Rusiya ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın möhkəmlənməsində və genişlənməsində daha bir addım kimi qiymətləndirdi. Artur Rasizadə ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirərək, xüsusi vurğuladı ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2001-ci ilin yanvarında respublikamıza rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2002-ci ilin yanvarında Rusiya Federasiyasına dövlət səfəri dövlətlərimizin dostluq münasibətlərinə yeni təkan vermişdir.
Baş nazir dedi: “Ölkələrimiz arasında imzalanmış Dostluq və əməkdaşlıq haqqında müqavilə, digər hökumətlərarası sazişlər, Müstəqil Dövlətlər Birliyi, habelə mötəbər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq strateji tərəfdaşlığın inkişafı üçün on illərlə öncədən yaxşı müqavilə-hüquqi baza yaradır”.
O, Rusiya Parlamentinin deputatlarına respublikamızda həyata keçirilən mühüm iqtisadi dəyişikliklərdən də danışdı. Qonaqlar MDB ölkələri arasında birinci olaraq, Azərbaycanın kənd təsərrüfatında köklü dəyişikliklər aparılması və torpağın xüsusi mülkiyyətə verilməsi, ölkə iqtisadiyyatına qoyulan xarici sərmayələrin sürətlə artması, Rusiya Federasiyasının iri subyektləri ilə imzalanmış sazişlər və başqa məsələlər barədə məlumatlandırılıdı.
Dövlət Dumasının sədri Gennadi Seleznyov səmimi qəbula görə təşəkkür edərək, xüsusi vurğuladı ki, Azərbaycanda aparılan islahatlar ona xoş təsir bağışlayır. O, ikitərəfli münasibətlərdən danışaraq bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin Moskvaya indiki səfəri zamanı, sentyabrın 23-də ölkələrimiz arasında çox mühüm daha bir sənəd - Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş imzalanmışdır. Gennadi Seleznyovun fikrincə, bu, bir çox regional məsələlərdə mövqelərimizin yaxınlığına, habelə dövlətlərimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığa sübutdur.
Dövlət Dumasının sədri Bakı Slavyan Universitetindəki və Azərbaycanın rus icmasının nümayəndələri ilə görüşlərindən də danışdı. O, universitet tələbələrinin yüksək hazırlıq səviyyəsini qeyd etdi, Azərbaycanda yaşayan rusların hərtərəfli inkişafı üçün hər cür şərait yaradıldığını vurğuladı.
Qəbulda Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov və digər rəsmi şəxslər iştirak edirdilər.