NAZİRLİYƏ KƏNAR ŞƏXSLƏRİN GƏLİŞ-GEDİŞİ SADƏLƏŞDİRİLİR
Azərbaycanın milli təhlükəsizlik naziri Namiq Abbasov AZƏRTAC-ın müxbirinə demişdir ki, son vaxtlar nazirliyin əsas binası ətrafında bir sıra mühüm xidmət obyektlərinin tikilib istifadəyə verilməsi MTN-nə gələn insanların gəliş-gedişinin sadələşdirilməsinə xidmət edir. Bundan sonra istər Azərbaycan, istərsə də xarici vətəndaş, ümumiyyətlə, nazirliyin sirləri ilə bağlı olmayan hər bir kəs əsas binaya daxil olmadan bütün vacib işlərini həmin xidmət sahələrində həll edə biləcəkdir. Beş-altı aydan sonra orada xüsusi xidmət orqanı üçün zəruri olan hər bir şərait də yaradılacaqdır.
Bundan başqa, əvvəllər istintaq təcridxanasına və istintaq şöbəsinə qalxmaq üçün nazirliyin içindən keçmək lazım gəlirdisə, indi ora giriş-çıxış yeni açılmış qapı vasitəsilə həyata keçirilir.