Neft qiymətlərində artım tendensiyası davam edir
Bakı, 23 iyul, AZƏRTAC
Ötən gecə Yəmən husiləri Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus “ENCELA” və “LAYLIA” adlı 2 tankerini pilotsuz uçan aparat (PUA) vasitəsilə vurublar. Hər 2 tankerdə başlayan yanğının qarşısını almaq mümkün olmayıb.
AZƏRTAC xəbər verir ki, bu hadisədən sonra husilər yeni bəyanatla çıxış edərək Səudiyyə Ərəbistanını xəbərdar etdiklərini bildirib və bu ölkənin limanlarına yaxınlaşan tankerlərin aqibətinin eyni olacağını bəyan ediblər. Gecə baş verən bu hadisədən sonra dünya bazarında neft qiymətlərində kəskin artım olub. Bu gün London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 96,26 dollar, “Light” neftinin qiyməti 88,27 dollara kimi bahalaşıb. Azərbaycanın “Azeri Lihgt” markalı neftinin 1 barelinin qiyməti 100,56 dollara, Rusiyanın “Urals” markalı neftinin 1 bareli isə 73,12 dollara kimi bahalaşıb.
Bu günə kimi Hörmüz boğazından keçə bilməyən tankerlər Qırmızı dənizdən alternativ yol kimi istifadə edirdi. Yaxın Şərq ölkələrinin neft ixracı üçün istifadə etdikləri infrastruktur əsasən Körfəz sahilindədir ki, bunların da bir hissəsini İran bombardman edərək dağıdıb, qalan hissəsindən isə ABŞ hərbçilərinin nəzarəti ilə az miqdarda xam neft ixrac edilirdi. Qırmızı dənizdəki infrastrukturun zəif olmasına baxmayaraq, buradan da istifadə edilərək dünya bazarına neft nəql olunurdu. Lakin İranın nəzarətində olan husilərin Qırmızı dənizi nəzarət altına salmaları vəziyyəti daha da gərginləşdirib.
Bir sıra analitiklər hesab edirlər ki, neftin qiyməti çoxdan 100 dallar hədini aşmalı idi. Lakin bazara əlavə neft çıxarılması qiymətlərin artım tempini bir qədər ləngidir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ cari ilin yanvar ayında Venesuela Prezidentini həbs edərək ölkəni nəzarətə götürdükdən sonra ölkənin neft sənayesini də ələ alıb.
“Financial Times” yazır ki, yanvar ayından bu günə kimi ABŞ 13 milyard dollar həcminə Venesuela nefti satıb ki, bu da bazarda tələb və təklifin balansını nisbətən qoruya bilir. Bütün bunlara baxmayaraq, dünya bazarında neftin qiymətinin artım tendensiyası davam edir.