Neftçalada çətənə bitkisi yetişdirən daha bir şəxs saxlanılıb
Bakı, 17 avqust, AZƏRTAC
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində fasiləsiz tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Xıllı qəsəbə sakini Elmir Həmzəyev daxil olmuş məlumat əsasında Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. E.Həmzəyevin qəsəbə ərazisindəki evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 57 kiloqrama yaxın olan 40 çətənə kolu, eləcə də 1 kiloqram 800 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.