NƏRİMANOV RAYONU TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirin əvvəlində iştirakçılar ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra tədbirin iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Konfransda rayon təhsil şöbəsinin müdiri Leyla İmanova “2003-2004-cü dərs ilinin yekunları və təhsilin müasir yanaşmalar əsasında inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr” mövzüsunda məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəlişi məhz, dahi rəhbərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Natiq ümummilli liderimizin təhsil işçilərinə göstərdiyi qayğı və diqqəti faktlarla iştirakçıların nəzərinə çatdırdı. Rayondakı 22 orta ümumtəhsil məktəbini bu il bitirmiş 2 min 548 məzundan 45-nin 600–dən çox bal toplayaraq ali məktəblərə daxil olduğu diqqətə çatdırıldı.
Nərimanov Rayonu İcra Hakimiyyətinin başçisı İlqar Abbasov məktəblərin yeni tədris ilinə hazırlığından, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi məsələsində icra strukturlarının köməyindən danışdı. O, pedaqoji işçilərin qarşısında Nərimanov rayonunu təhsildə islahatlar rayonuna çevirmək vəzifəsi durduğunu söylədi.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 21-də imzaladığı Fərman və Sərəncamla bağlı təhsil işçilərinin qarşısında duran çətin, lakin şərəfli vəzifələrdən danışdı. Qeyd olundu ki, bu vacib sənədlərin icrası ilə əlaqədar nazirlikdə bir neçə işci qrup yaradılmışdır. Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı məsələsinə toxunan nazir, bu proqramın 3 il ərzində həyata keçiriləcəyini, bunun üçün 20 milyon ABŞ dolları məbləğində vəsait ayrıldığını vurğuladı.