SİYASƏT
NƏRİMANOV RAYONUNDA İKİ POLİS SAHƏ MƏNTƏQƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyevin ötən il martın 12-də imzaladığı “Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Sərəncamının icrası davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Daxili İşlər Nazirliyinin təklifləri əsasında Nərimanov rayonunda 11 və 23 saylı polis sahə məntəqələrinin yeni tikilmiş inzibati binaları istifadəyə verilmişdir.
Binalar lazımi avadanlıq, rabitə və başqa texniki vasitələrlə təchiz edilmişdir. Burada qəbul və müvəqqəti saxlama otaqları vardır.
Məntəqələrin açılışında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, general-mayor Yaşar Əliyev və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Çıxış edən natiqlər bildirmişlər ki, ölkə başçısının müvafiq sərəncamı ilə hüquq pozmalarının törədilməsinə şərait yaradan halların təhlili, onların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi üçün polis sahə müfəttişlərinin məsuliyyəti artırılmışdır.
Tədbir iştirakçıları məntəqələrdəki iş şəraiti ilə tanış olmuşlar.
Sonra 2 iyul - Polis günü münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə dövlətçiliyimizin xilaskarı, müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün qarşısına tər güllər düzmüş, ulu öndərin xatirəsini ehtiramla anmışlar.
Əsası 1918-ci il iyulun 2-də qoyulmuş Azərbaycan polisinin şərəfli yol keçərək böyük təcrübə qazandığını, dövlətin mühüm qurumlarından birinə çevrildiyini bildirən rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etmişdir ki, ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunmasında, hüquq pozuntularının qarşısının alınmasında polis əməkdaşlarının böyük xidmətləri vardır. Polis işçiləri Prezident İlham Əliyevin diqqət və qayğısını daim hiss edir, onun siyasətini dəstəkləyirlər.
A.Fərzəliyev ölkəmizin başçısı tərəfindən polisin xidməti fəaliyyətinə verilən yüksək qiymətdən danışmışdır. Bildirmişdir ki, əhalinin yerli polis qurumlarına inamının artırılması və yaşayış yeri üzrə polis sahə məntəqələrinə müraciət etmə imkanlarının asanlaşdırılması ilə bağlı müvafiq tədbirlər görülmüşdür.
Digər çıxış edənlər də aşayiş keşikçilərinin fəaliyyətindən danışmış, onları peşə bayramı münasibətilə təbrik etmiş, çətin və şərəfli işlərində uğurlar arzulamışlar.