NƏRİMANOV RAYONUNDA YENİ DƏRS İLİNƏ HAZIRLIQ GEDİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müasir tələblərə cavab verən boks zalı və üzgüçülük hovuzu istifadəyə verilmiş, idman stadionunun yaşıl örtüyü bərpa edilmiş, tamaşaçılar üçün müasir oturacaqlar quraşdırılmışdır.
Rəssamlıq Akademiyasının və “Təfəkkür” Universitetinin yeni tədris korpuslarının tikintisi davam etdirilir. Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunda 4 yeni tədris kabineti hazırlanaraq, texniki və əyani vasitələrlə təmin olunmuş, iş şəraiti xeyli yaxşılaşdırılmışdır. Bakı Kompüter Kollecində isə tədris korpusu əsaslı təmir edilmiş, geniş abadlıq isləri aparılmışdır. 2 saylı peşə məktəbində elektrotexnika laboratoriyası yeni cihazlarla təmin edilmiş, müasir videolaboratoriya, hərbi hazırlıq kabineti yaradılmışdır.
Orta təhsil sistemində 2004-2005-ci dərs ilinə I-VI və V-VII siniflər üçün 32 min ədəd dərsliklər alınmış və fondlaşdırılmışdır. Dərs vəsaitlərinin və tədris proqramlarının hazırlanması üçün təcrübəli müəllimlər cəlb olunmaqla, təkliflər işlənib və Təhsil Nazirliyinə göndərilmişdir.