Niderlandda beynəlxalq tələbə festivalı keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Niderland Krallığında “Mədəniyyətimi tanı” adlı tələbə festivalı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Eyndhoven Texniki Universiteti tərəfindən ənənəvi olaraq hər il təşkil edilən bu festivalın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan tələbələrin öz mədəniyyətlərini, adət-ənənələrini, mətbəxini, musiqisini tanıtmaqdır. Bu il festivalda Azərbaycan, Türkiyə, İran, Niderland, ABŞ, İtaliya, Rumıniya, Yaponiya, Çin, Hindistan və digərləri də daxil olmaqla 30-a yaxın ölkənin tələbələri iştirak ediblər. Azərbaycanı festivalda universitetin doktoranturasında təhsil alan Günel Əzizova təmsil edib.
Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirib ki, Şura hər zaman gənclərlə işləməyə üstünlük verir, onlara dəstək olmağa çalışır. Bu baxımdan bugünkü tələbə festivalında Azərbaycanı təmsil etmək təklifi ilə şuraya müraciət edən Günel Əzizovaya da yardım edilib. Şura Azərbaycan stendini hər cür vəsaitlə təmin edib. Şuranın üzvü olan “Odlar Yurdu” Niderland Azərbaycan cəmiyyətinin sədri Firəngiz Bağırova bu festivalda Azərbaycan bəstəkarlarının mahnı və romanslarını ifa edib. Niderlandda milli mətbəximizi təbliğ edən “Baku Catering” milli yeməklərimizin hazırlanmasını təmin edib.
Festivalda xarici tələbələrə ölkəmizlə bağlı geniş məlumat verilib. Onlara Azərbaycan haqqında broşürlər paylanıb.