Niderlandda ermənilərin əleyhinə izdihamlı mitinq keçirilmişdir
Bakı, 2 iyun (AZƏRTAC). Niderlanddakı türk diaspor təşkilatları ermənilərin bir müddət əvvəl Almelo şəhərində qondarma soyqırımı abidəsi ucaltmalarına qarşı etiraz aksiyası keçirmişlər.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, türk ictimai təşkilatlarının təşkil etdikləri və 5 minədək insanın qatıldığı mitinqdə Azərbaycan diaspor nümayəndələri də iştirak etmişlər. Almelo şəhərinin Remrandt Meydanında baş tutan etiraz aksiyasında həmin abidənin cəmiyyətdə böyük narahatlıq yaratdığı bildirilmişdir.
Polisin ciddi təhlükəsizlik tədbirləri ilə keçən aksiyada iştirakçılar Türkiyə və Azərbaycan bayraqlarını dalğalandırmış, üzərində “Erməni soyqırımı yoxdur”, “Soyqırımı tarixi yalandır”, “Gerçəklərə qarşı səssiz qalma, kor və kar olma!” yazılmış plakatlar tutmuşlar.
Türkiyə istiqlal marşının oxunmasından və Soma kömür mədənində baş vermiş faciədə ölənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra ictimai təşkilatlar adından erməni abidəsinin üzərinə “soyqırımı” sözünün yazılmasının qarşısının alınmasının vacibliyi vurğulanmışdır.
Ermənilərin bu abidəni daha geniş miqyasda tanıtmağı və üzərinə “soyqırımı” ifadəsini yazmağı planlaşdırdıqlarını qeyd edən Hollandiya Türk İslam Dərnəkləri Federasiyasının sədri Arif Yakışır öz etirazlarını ölkənin müvafiq dövlət qurumlarına məhkəmə yolu ilə çatdırmaq niyyətində olduqlarını demişdir.
Almelo bələdiyyəsinin həmin abidənin ucaldılmasına icazə verməsini tənqid edən Hollandiya Türk Federasiyasının sədri Murat Gedik Hollandiyada cəmiyyətin ayrılmaz hissəsi olan türklərin alnıaçıq yaşamaları üçün belə yalanlarla hər zaman mübarizə aparacaqlarını vurğulamışdır.
Avropalı Türk Demokratlar Birliyinin sədri Mehmet Salih Kaya ermənilərin soyqırımı iddialarının tamamilə yalan olduğunu, erməni diaspor təşkilatlarının başqa niyyət güddüklərini diqqətə çatdırmışdır.
Əsas soyqırımının ermənilər tərəfindən gerçəkləşdirildiyini bildirən Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın isə demişdir ki, soyqırımı görmək istəyən İğdıra, Qarsa, Ərzuruma, Azərbaycana gəlsin.
Almelo Bələdiyyə Məclisinin üzvü Uğur Çete də bələdiyyə rəhbərliyinin türk diasporunun bu həssaslığını nəzərə alacağına ümid etdiyini demişdir.
Təxminən iki saat yarım davam edən aksiya heç bir insident baş vermədən sona çatmışdır.