SİYASƏT
Niderlandda Qərbi Azərbaycan İcmasının ilk nümayəndəliyi təsis edilib
Haaqa, 7 aprel, AZƏRTAC
Haaqa şəhərində Qərbi Azərbaycan İcmasının nümayəndəliyi yaradılıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli və Azərbaycan Dillər Universitetinin Dosenti, Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyevanın iştirakı ilə Haaqa şəhərində Avropada yaşayan Qərbi azərbaycanlıların Niderland Türk Azərbaycan Kültür Dərnəyində iclası keçirilib. İclasda Qərbi Azərbaycan İcmasının (QAİ) nümayəndəliyinin açılması müzakirə olunub. İştirakçılar Avropada yaşayan bütün Qərbi azərbaycanlıları birləşdirmək məqsədi ilə QAİ-nin nümayəndəliyinin təsis edilməsinin vacibliyini vurğulayıblar. İclas iştirakçıları Qərbi Azərbaycan İcmasının Avropa nümayəndəliyinin idarə heyətini təyin ediblər.
Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyeva iclasda yeni təsis edilən İcma nümayəndəliyinin məqsəd və məramından danışıb. Benelüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərova Niderland Krallığında Qərbi Azərbaycan İcmasının ilk nümayəndəliyinin sədri təyin edilib. İcma nümayəndəliyinin sədr müavini Bənövşə Əzizova, Benelüks Azərbaycanlıları Konqresinin mətbuat katibi Gülnarə Əliyeva isə nümayəndəliyin mətbuat katibi seçilib.
Çıxış edən idarə heyəti, onlara göstərilən etimada görə Qərbi Azərbaycan İcmasına təşəkkürlərini bildirərək, gələcək işlərə dair fikir mübadiləsi aparıb və təkliflər irəli sürüblər.
Qərara alınıb ki, Qərbi Azərbaycan İcmasının Niderland nümayəndəliyi bütün Avropada açılacaq nümayəndəliklərin mərkəzi olacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa