Nizami Gəncəvinin əsərlərində elmə, təhsilə həmişə yüksək dəyər verilib
Şəki, 25 may, Mustafa Dadaşov, AZƏRTAC
Nizami Gəncəvinin yaradıcılığı bütün zamanlarda bəşəri mahiyyət kəsb edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilən konfransda danışılıb.
Şəki şəhər İ.Nakam adına Mərkəzi Kitabxanada keçirilən tədbiri musiqi məktəbinin direktoru Tərlan Məmmədov açaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyini, yubiley ili çərçivəsində ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda, bütün türk dünyasında dahi şairin yaradıcılığına bir daha müraciət olunduğunu, müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, qüdrətli şairin əsərlərində elmə, təhsilə həmişə yüksək dəyər verilib, ədalət və gözəllik, sevginin qüdrəti ön plana çəkilib, hətta sevginin köməyi ilə hökmdarların da ədalətə gəldiyi qeyd edilib.
Konfransda Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair-publisist Vaqif Aslan “Nizami Gəncəvi və türk dünyası” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Nizami Gəncəvi türk ruhunu əsərlərində sevgi ilə ifadə edib. Nizami Gəncəvi haqqında heç vaxt keçmiş zamanda danışmaq mümkün deyil. Onu bizdən ayıran illər Nizaminin qədimliyə varmasının, əbədi sabahda qalmasının sübutu olur.
Konfransda şair-publisist Akif Əsədullayevin “Nizami yaradıcılığında məhəbbət fəlsəfəsi”, Arzu Abdulhəmidovun “Nizami yaradıcılığı və Azərbaycan intibahı”, məktəbin müəllimi Vəfa Əliyevanın “Nizami yaradıcılığı Azərbaycan və dünya musiqisində” və digər mövzularda məruzələri dinlənilib.
Tədbirin sonunda dahi şairə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.