İDMAN
Növbəti qızıl medala Ukrayna komandası sahib olub [YENİLƏNİB]
Kamandan oxatma yarışlarında qızıl medala Ukrayna komandası sahib olub. Kişilər arasında komanda yarışlarının finalında Ukrayna təmsilçilərinə 5:4 hesabı ilə məğlub olan İspaniya yığması gümüş, Fransadan üstün olan niderlandlılar (3:5) isə bürünc medallara sahib çıxıblar.
Xatırladaq ki, qadınların komanda yarışlarında İtaliya yığması birinci olub.
16:40
Yarımfinal oyunlarının nəticələri məlum olub: Fransa-İspaniya 4:5, Ukrayna-Niderland 5:3.
Qızıl medal uğrunda İspaniya yığması ukraynalıları, bürünc medal uğrunda isə Fransa oxatanları Niderland təmsilçilərini sınağa çəkəcək.
15:58
Kişilərin komanda yarışlarında yarımfinalçılar müəyyənləşib. Belə ki, Niderland Rusiyanı (5:4), Ukrayna İtaliyanı (6:2), Fransa Almaniyanı (5:3), İspaniya Belarusu (6:0) mübarizədən kənarlaşdırıb.
Yarımfinalda Fransa-İspaniya, Ukrayna-Niderland yığmaları qarşılaşırlar.
14:03
Kişilər arasında komanda yarışlarının dörddəbir final mərhələsində Niderland-Rusiya, İtaliya-Ukrayna, Fransa-Almaniya, İspaniya-Belarus qarşılaşmalarına start verilib.
12:55
İtalyanlar kamandan oxatma yarışlarında daha bir qızıl medal qazanıblar. Qadınlar arasında komanda yarışlarının finalında Belarus təmsilçilərini 5:3 hesabı ilə məğlub edən İtaliya yığması qızıl, Rusiyadan üstün olan ukraynalılar (4:5) isə bürünc medallara sahib olublar.
Birinci Avropa Oyunlarının kamandan oxatma yarışlarının favoriti sayılan İtaliya yığması iyunun 17-də qarışıq komanda yarışlarında da qızıl medal qazanıblar. Ümumiyyətlə, oxatma yarışlarında 5 dəst medal uğrunda mübarizə aparılır.
11:57
Qadınlar arasında komanda yarışlarının yarımfinalında İtaliya Rusiyaya, Belarus isə Ukraynaya eyni hesabla qalib gəliblər - 5:3. Qızıl medal uğrunda italiyalılar Belarus komandası ilə, bürünc medal uğrunda isə Rusiya yığması ukraynalılarla qarşılaşır.
11:29
Komanda yarışlarının dörddəbir mərhələsinin nəticələri məlum olub: Almaniya-Belarus 2:6, Gürcüstan-Ukrayna 4:5, İtaliya-Danimarka 5:4, Fransa-Rusiya 3:5. Yarımfinalda İtaliya Rusiya, Belarus Ukrayna ilə üz-üzə gələcək.
Kişilər arasında komanda yarışlarının dörddəbir mərhələsində isə Niderland Rusiyanı, İtaliya Ukraynanı, Fransa Almaniyanı, İspaniya isə Belarusu sınağa çəkəcək.
09:50
İyunun 18-də birinci Avropa Oyunları çərçivəsində qadınlar və kişilər arasında komanda yarışlarının növbəti mərhələlərinə start verilib. Bu gün komanda yarışlarının qalibləri müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, ilk olaraq qadınlar mübarizəyə qoşulublar. Komanda yarışlarının dörddəbir mərhələsində Almaniya-Belarus, Gürcüstan-Ukrayna, İtaliya-Danimarka, Fransa-Rusiya ilə qarşılaşacaq.
Kişilər arasında komanda yarışlarının dörddəbir mərhələsində isə Hollandiya Rusiyanı, İtaliya Ukraynanı, Fransa Almaniyanı, İspaniya isə Belarusu sınağa çəkəcək.
Qeyd edək ki, ötən gün qarışıq komanda yarışlarında İtaliya komandası qızıl, Gürcüstan yığması gümüş, Ukrayna heyəti isə bürünc medala sahib çıxıblar. Azərbaycanlı oxatanlar bu sıralamada 9-cu yeri tutub.