NOVRUZ BAYRAMI İLƏ BAĞLI SƏNƏDLƏR YUNESKO-NUN RƏHBƏRLİYİNƏ ÇATDIRILACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tehranda Novruz bayramını qeyd edən ölkələrin II Əlaqələndirmə iclası başa çatmışdır. Üç gün davam edən iclasda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin əməkdaşları Fikrət Babayev və Şəfəq Əlibəyli təmsil etmişlər. İştirakçılar Novruz bayramının YUNESKO-nun qeyri-maddi irsin şah əsərləri sırasına daxil olunması ilə bağlı birgə sənəd layihəsinin hazırlanması məsələsini müzakirə etmişlər.
Səkkiz ölkə nümayəndələrinin iştirak etdiyi iclasda çıxış edən İranın vitse-prezidenti Rəhim Məşai tərəflərin yekdil sənəd layihəsini hazırlamaq üçün bütün imkanlardan istifadə edəcəklərinə əminliyini bildirmişdir.
Şəfəq Əlibəyli Azərbaycanda Novruz bayramının qeyd edilməsi ənənələri ilə bağlı iştirakçılara geniş məlumat vermişdir. Bu qədim el bayramının xalqımız tərəfindən təntənəli şəkildə keçirilməsini təsdiqləyən fotoşəkillər paylanılmış, müxtəlif illərdə lentə alınmış sənədli filmlər əsasında hazırlanmış film nümayiş etdirilmişdir. İştirakçılar tərəfindən maraqla qarşılanan filmdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Novruz şənliklərində iştirakı da göstərilir.
İclasda sentyabrın sonunadək tərəflərin təqdim etdikləri faktların və ekspertlərin birgə hazırlayacağı sənəd layihəsinin 8 ölkə adından YUNESKO-nun rəhbərliyinə çatdırılması qərara alınmışdır.