Numan Kurtulmuş: Türkiyə hər zaman qardaş Krım tatarlarının yanındadır
Bakı, 24 oktyabr, AZƏRTAC
Ankara Ukraynanın ərazi bütövlüyünü və qardaş Krım tatarlarının hüquqlarını dəstəklədiyini bir daha bəyan edir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Praqada keçirilən Krım Platformasının II parlamentlərarası sammitindəki çıxışında deyib. O əlavə edib: “Ukraynanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyünə dəstəyimiz tamdır və bundan sonra da davam edəcək. Əgər 2014-cü ildə Krımın ilhaqı zamanı beynəlxalq ictimaiyyət səsini yetərincə yüksəldə bilsəydi, bu gün Ukrayna belə bir müharibənin tərəfi olmayacaqdı. Biz 1944-cü ildən bəri böyük faciələr yaşayan Krım tatarları qardaşlarımızın hər zaman yanında olduq və gələcəkdə də onların haqlı mübarizəsinə dəstəyimiz davam edəcək. Krımın yerli xalqı olan tatar qardaşlarımızın hüquqlarının qorunması və onların yarımadada statuslarının möhkəmləndirilməsi Türkiyə üçün fövqəladə mühüm bir məsələdir. Hamımız bilirik ki, onlar yaşadıqları əzablara rəğmən haqlarını sülh yolu ilə tələb etməyi bilən xalqdır”.
TBMM-nin sədri vurğulayıb ki, Ukrayna torpaqlarında davam edən müharibə saysız dağıntı və ölüm gətirib. Bu müharibənin dayandırılması Türkiyənin ən başlıca prioritetlərindən biridir.
Numan Kurtulmuş bu istiqamətdə Türkiyənin sülhsevər səylərini xatırladıb. Onun sözlərinə görə, Ankara Qara dəniz taxıl dəhlizinin açılması və hər iki tərəfdən əsirlərin mübadiləsinə nail olub.
TBMM-nin sədri sonda deyib ki, dünyada baş verən müharibə və silahlı münaqişələrin qarşısını almaq üçün yeni qlobal siyasi arxitekturaya ehtiyac var. “Dünya beş ölkənin insafına buraxılmamalı, bütün dövlətlər BMT-də bərabər səsə malik olmalıdır”, -deyə o vurğulayıb.