Nurgül Jakupova: Azərbaycan Orta Dəhlizin fəaliyyətində və inkişafında strateji rola malikdir
Astana, 9 fevral, AZƏRTAC
Azərbaycan Beynəlxalq Trans-Xəzər Tranzit Marşrutu (TITR) Assosiasiyasının üç təsisçi ölkəsindən biridir, həmçinin Orta Dəhlizin fəaliyyətində və inkişafında strateji rola malikdir.
Bu barədə AZƏRTAC-a müsahibəsində TITR Assosiasiyasının baş katibi vəzifəsini icra edən Nurgül Jakupova bildirib.
Onun sözlərinə görə, ölkənin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və səmərəli logistika şəbəkəsi yüksək tranzit və nəqliyyat potensialı yaradır, Azərbaycanı TITR-in əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevirir.
“Azərbaycanda milli nəqliyyat sisteminin tutumunun artırılmasına yönəlmiş genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Xüsusilə, Bakı Beynəlxalq Dəniz Limanının ikinci mərhələsi tikilir, quru yük körpüsünün və liman dəmir yolu stansiyalarının tutumu genişləndirilir, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin enerji təchizatı sisteminin yenidən qurulması, rabitə və siqnalizasiya sistemlərinin modernləşdirilməsi işləri aparılır, dəmir yolu vaqonları və lokomotivləri parkı yenilənir. Bu tədbirlər TITR boyunca daşımaların tutumunun və etibarlılığının artırılmasına kömək edir”, - deyə o bildirib.
Nurgül Jakupovanın sözlərinə görə, bununla yanaşı, işçi qruplarının səyyar görüşləri və TITR Assosiasiyasının ümumi yığıncağı müntəzəm olaraq Bakıda keçirilir ki, bu da marşrutun inkişafının birgə əlaqələndirilməsinə və əsas məsələlərin həllinə imkan verir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana