Nyu York şəhərində 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Nyu York şəhərində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Nyu York Assosiasiyası və Amerika-Azərbaycan Qadınlar Assosiasiyası “Əyyub Sultan” Mədəniyyət Mərkəzində anım mərasimləri təşkil etmişlər.
Tədbirlərdə Azərbaycan, türk, yəhudi diaspor təşkilatlarının təmsilçiləri, ABŞ-da yaşayan azərbaycanlılar, BMT yanında daimi nümayəndəliyin, səfirliyin əməkdaşları və xarici qonaqlar iştirak etmişlər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Azərbaycan Nyu York Assosiasiyasının və Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının rəhbərləri Ercan Yerdələnli və Minəvvər Vahabova tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında məlumat vermişlər.
Sonra qanlı hadisələri əks etdirən videomateriallar nümayiş etdirilmişdir.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyi 20 Yanvar faciəsi ilə bağlı press-reliz hazırlayaraq təşkilata üzv dövlətlərin diplomatik missiyalarına göndərmişdir. Press-relizdə məlumat verilir ki, 1990-cı il yanvarın 20-də Azərbaycanda milli azadlıq hərəkatının qarşısını almaq üçün sovet hakimiyyəti tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğın nəticəsində 147 nəfər qətlə yetirilmiş, 700-dən artıq insan yaralanmışdır. Həmçinin 20 Yanvar faciəsini törədənlərin cəzasız qaldıqları bildirilmiş, bu hadisələrə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyi vurğulanmışdır.