O FACİƏLİ GÜNÜ UNUTMAQ MÜMKÜN DEYİL
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar yanvarın 19-da ölkəmizin Rusiyadakı səfirliyində xatirə gecəsi keçirmişdir.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndi.
İştirakçılar Qanlı Yanvar faciəsi qurbanlarının nurlu xatirəsini bir dəqiqəlik sükutla andılar.
Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev gecəni açaraq bildirdi ki, Azərbaycanın ən yeni tarixindəki bu faciəli hadisə bütün respublikamızda olduğu kimi, Moskvada da hər il qeyd edilir. Harada yaşadığından asılı olmayaraq, bütün azərbaycanlılar Azərbaycanın dövlət müstəqilliyinə qovuşması ərəfəsində baş verən “Qara Yanvarı” xatırlamalıdırlar. Səfir 1990-cı il Yanvarın 20-də törədilmiş qanlı hadisələrdən danışdı, bu barədə xatirələrini bölüşdü. R.Rizayev ümummilli liderimiz Heydər Əliyevin rolunu xüsusi vurğulayaraq dedi ki, o, Moskvada olarkən yanvar qırğınına etirazını birincilər sırasında bildirdi, Azərbaycanda törədilmiş bu hadisələrə siyasi qiymət verdi, Rusiya və dünya ictimaiyyətinin diqqətini ölkəmizə qoşun yeridilməsinə cəlb etdi, dünya birliyindən Yanvar faciəsinə öz münasibətini bildirməyi tələb etdi.
ÜAK İcra Aparatının rəhbərinin birinci müavini Ramiz Abutalıbov çıxışında Azərbaycan haqqında obyektiv məlumatı bütün dünya ictimaiyyətinə çatdırmaq işinin davam etdirilməsinin zəruriliyini vurğuladı. O, qanlı-qadalı yanvar günlərində azərbaycanlıların Moskvada keçirdikləri aksiyalardan bəhs edən kitab buraxmağı, ona Moskvadakı azərbaycanlıların həmin dövrdə müxtəlif üsullarla çap etdikləri yazılarının da daxil olunmasını təklif etdi.
Xatirə gecəsində müxtəlif Azərbaycan icmalarının nümayəndələri, şairlər, tələbələr də çıxış etdilər. Hamının yekdil fikri belədir ki, Azərbaycan tarixindəki bu ələmli gün və qəhərmanlıq günü unudula bilməz, tarixdən ibrət dərsi almaq lazımdır.
Səfirliyin foyesində faciəli 20 Yanvar hadisələrini əks etdirən fotoşəkillərdən ibarət stend qoyulmuşdu.
Xatirə gecəsinin sonunda yanvar faciəsi şəhidlərinin ruhuna dua oxundu.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva