OANA İcraiyyə Komitəsinin iclasında İstanbul Bəyannaməsi qəbul edilib
İstanbul, 23 oktyabr, AZƏRTAC
İstanbulda keçirilən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin iclasında İstanbul Bəyannaməsi qəbul olunub.
AZƏRTAC xəbər verir ki, dörd bənddən ibarət bəyannamədə rəqəmsal dövrdə dezinformasiyanın müasir və ənənəvi media vasitəsilə geniş yayıldığı vurğulanıb. Qeyd edilib ki, bu, auditoriyada hadisələr barədə təhrif olunmuş və yanlış təsəvvür formalaşdırır. İnformasiya qurumlarının dezinformasiya ilə mübarizədə peşəkar borclarını yerinə yetirməsi, auditoriyaya tam və balanslı məlumatlar təqdim etməsi gözlənilir.
Bəyannamədə, həmçinin OANA-nın dezinformasiya ilə mübarizə aparmaq üçün xəbər agentlikləri arasında regional və beynəlxalq əməkdaşlığı gücləndirməsinin önəmi ifadə olunub.
“OANA insanları etibarlı və etibarsız xəbər mənbələrini müəyyənləşdirməyə kömək etmək və onlarda tənqidi düşüncənin, faktların yoxlanmasının vacibliyi üçün media savadlılığının artırılmasını təşviq edir.
OANA İsrail ilə Fələstin arasındakı gərginlik nəticəsində yaranmış vəziyyətdən dərin narahatdır. Həmin bölgədə jurnalistlərin müdafiəsinə, bütün qurum və təşkilatları jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün ən yüksək tədbirləri görməyə çağırır”, - deyə Bəyannamədə bildirilib.
Xatırladaq ki, bu gün OANA-nın İcraiyyə Komitəsinin iclasından əvvəl “Xəbər agentliklərinin dezinformasiya ilə mübarizə sahəsində əməkdaşlığı” mövzusunda konfransı da təşkil olunub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev konfransda iştirak edib.
Qeyd edək ki, ən böyük regional media qurumu olan OANA 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılıb. Qurumun üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdəiki hissəsini təmin edir. OANA-nın məqsədi region ölkələrində informasiya axınına təkan vermək, inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasındakı informasiya fərqini aradan qaldırmaq, xəbər agentliklərinin redaktə, təlim, kommunikasiya və texniki imkanlarını təkmilləşdirməkdir.