Oğuzlular Xocalı faciəsi qurbanlarının xatirəsini anmışlar
Oğuz, 26 fevral (AZƏRTAC). Oğuz Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbirdə “Xocalı faciəsi tariximizin qanlı səhifəsidir” mövzusunda məruzə dinlənilmişdir.
Qeyd olunmuşdur ki, xalqımızın tarixinə qanla yazılmış dəhşətli faciədən, insanlığa qarşı ən amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımından 21 il keçir. Erməni millətçiləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda misli görünməmiş qətliam törətmişlər. Həmin gecədə 613 nəfər soydaşımız amansızlıqla qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, 1275 nəfər dinc sakin əsir götürülmüşdür. Qeyd olunmuşdur ki, Xocalı faciəsi xalqımızı sarsıtsa da, onun dözümünü, iradəsini qıra bilməmiş, əksinə, xalqımız bu mübarizədə daha da mətinləşmişdir.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciəyə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli addımları, onun bütün dünya azərbaycanlılarına etdiyi müraciət yüksək qiymətləndirilmiş, məhz ulu öndərin sarsılmaz iradəsi və müdrik siyasəti nəticəsində Qarabağ problemi, o cümlədən Xocalı faciəsi ətrafında yaranmış informasiya blokadasına son qoyulduğu qeyd olunmuşdur.
Məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyanın nümayişindən sonra faciənin ildönümü ilə bağlı rayonda orta məktəb şagirdləri arasında keçirilən “Xocalı - qan yaddaşımızdır” mövzusunda rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.
Həmin gün rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə yardım göstərilmiş, məscidlərdə Xocalı şəhidlərinin ruhuna dualar oxunmuşdur.