REGİONLAR
Ölkəmizin qazandığı misilsiz nailiyyətlər Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli liderliyinin nəticəsidir
Sumqayıt, 20 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir. Növbəti tədbir Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində reallaşıb.
AZƏRTAC xəbər verir ki, hər iki qurumun rəhbərliyinin iştirak etdiyi tədbirdə şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi geniş proqram təqdim edib.
Öncə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Liderin xalqımız üçün müstəsna xidmətlərindən bəhs edən videoçarx nümayiş olunub.
Çıxışlarda bildirilib ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir. Azərbaycanın son 20 ildə bütün sahələrdə qazandığı misilsiz nailiyyətlər Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli liderliyinin nəticəsidir. Vətən müharibəsində qazanılan Zəfər isə xalqımıza böyük qürur bəxş edib, torpaqlarımızın bütövlüyü təmin olunub.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.