ÖLKƏNİN QƏRB BÖLGƏSİNDƏ TARİXİ–EKOLOJİ LAYİHƏLƏRİN HƏYATA KEÇİRİLƏCƏYİ NƏZƏRDƏ TUTULUR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən Orxus informasiya mərkəzində “Milli–mədəni irsin öyrənilməsi” ictimai birliyinin irəli sürdüyü iki layihənin birinci mərhələsinin yekunları müzakirə olunmuşdur. Birinci layihə qədim və orta əsrlərə aid üç abidədə - Qazax rayonundakı Damcılı mağarasında, Didivan qalasında və alban kilsəsində bərpa işlərini əhatə edir. Daşqınlar zamanı təsərrüfat obyektlərinə, evlərə və təbiətə böyük ziyan vuran Ağstafa çayının məcrasının bərpasına yönəldilmiş digər layihədə sahilbərkitmə, yaşıllaşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə rəhbərləri bildirmişlər ki, bu ilin yazında bölgəyə ekspedisiya təşkil olunmuş, müvafiq monitorinq keçirilmişdir. Jurnalistlərə məcrasından çıxmış Ağstafa çayının mədəniyyət obyektlərini bərbad hala saldığını əks etdirən videokadrlar göstərilmişdir. İlkin hesablamalara görə, birinci layihənin həyata keçirilməsinə 500 min dollar, ikinci layihənin həyata keçirilməsinə isə 307 min avro lazımdır.
Layihə rəhbərləri xarici turistlərin bölgəyə cəlb olunmasında layihələrin əhəmiyyətindən danışaraq bildirmişlər ki, mədəniyyət, gənclər, idman və turizm nazirlikləri bu işə kömək göstərmişlər. Layihələrin gerçəkləşdirilməsi üçün qrantlar almaq məqsədi ilə müxtəlif beynəlxalq təşkilatlara müraciət olunmuşdur.