Omanlı ekspert:Ağalı münaqişədən sonrakı ərazilərin bərpası üçün qlobal modelə çevrilə bilər
Bakı, 2 iyun, AZƏRTAC
Ağıllı şəhərlər və ağıllı kəndlər artıq beynəlxalq konfranslarda müzakirə olunan sadəcə dəbli mövzular deyil. Onlar insanların həyatını dəyişən, icmaları canlandıran və gələcək nəsillər üçün ümid yaradan real həllərə çevriliblər.
Bu yaxınlarda Azərbaycana səfərim zamanı ağıllı kənd inkişafının ən ilhamverici nümunələrindən birinə şahid oldum. Ağıllı və dayanıqlı icmalar sahəsində uzun illər çalışan mütəxəssis kimi, belə bir layihə ilə yaxından tanış olmaq fürsəti əldə etdiyim üçün böyük məmnunluq hissi keçirdim.
Bu səfərin təşkilinə və Qarabağ bölgəsində həyata keçirilən əlamətdar transformasiyanı görmək imkanı yaratdığına görə minnətdarlığımı bildirirəm.
AZƏRTAC xəbər verir ki, “Communities Connect Cities” (C3) təşkilatının sədri, ağıllı şəhərlər və dayanıqlı inkişaf üzrə beynəlxalq ekspert, omanlı mütəxəssis Layla Al Hadrami Qlobal Cənub QHT Platformasının təşkil etdiyi Qarabağ səfərindən sonra təəssüratlarını bölüşüb.
O, Azərbaycanda həyata keçirilən “Ağalı Ağıllı Kəndi” layihəsini yüksək qiymətləndirərək onu müasir kənd inkişafının ən ilhamverici nümunələrindən biri adlandırıb.
Onun sözlərinə görə, layihə texnologiyanın, dayanıqlı inkişafın və insan mərkəzli planlaşdırmanın münaqişədən sonrakı ərazilərin bərpasına necə töhfə verə biləcəyini, eləcə də yerli icmaların uzunmüddətli dayanıqlığını necə təmin etdiyini nümayiş etdirir.
Ekspert qeyd edib ki, Azərbaycanda ilk “Ağıllı kənd” layihəsi olan Ağalı BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə yaradılıb. Layihənin birinci mərhələsi çərçivəsində burada 200 ev inşa edilib. Bu isə “Böyük Qayıdış” Proqramı çərçivəsində 234 ailədən ibarət 1017 vətəndaşın doğma torpaqlarına qayıtmasına şərait yaradıb.
“Ağalının hekayəsi göstərir ki, ağıllı icmalar yalnız texnologiyadan ibarət deyil. Burada söhbət insanların ləyaqətinin bərpasından, onların evlərinə qayıdışından, yeni imkanların yaradılmasından və gələcək nəsillər üçün daha yaxşı həyatın formalaşdırılmasından gedir”, – deyə o vurğulayıb.
Ekspert kompakt və yaşayış üçün əlverişli məkan konsepsiyasına xüsusi diqqət çəkib. Onun sözlərinə görə, məktəb, uşaq bağçası, tibb mərkəzi, inzibati və xidmət obyektləri daxil olmaqla bütün əsas infrastruktur piyada məsafəsində yerləşir. Bu yanaşma insan mərkəzli icmaların inkişafına dair müasir qlobal prinsiplərlə tam uzlaşır.
Layla Al Hadrami kənddə bərpaolunan enerji mənbələrindən istifadənin də təqdirəlayiq olduğunu bildirib. O qeyd edib ki, evlər günəş kollektorları vasitəsilə isti su ilə təmin olunur, inzibati binalar günəş panelləri ilə təchiz edilib, elektrik enerjisinin bir hissəsi isə Həkəri çayı üzərində fəaliyyət göstərən su elektrik stansiyalarında istehsal olunur.
Ekspertin fikrincə, layihənin əsas üstünlüklərindən biri əhali üçün iqtisadi fəaliyyət imkanlarının yaradılmasıdır. Həyətyanı torpaq sahələri sakinlərə bağçılıq və kənd təsərrüfatı ilə məşğul olmaq imkanı verir, yerli istehsalın və sahibkarlığın inkişafı isə icmanın özünütəminetmə səviyyəsinin yüksəlməsinə töhfə verir.
O, xüsusilə kəndin turizm infrastrukturunu, o cümlədən süni gölün yaxınlığında yerləşən “Agalı Hotel”i qeyd edib. Ekspertin sözlərinə görə, bu obyekt turizmin inkişafında və bölgəyə investisiyaların cəlb olunmasında mühüm rol oynaya bilər.
“Ağalının əsl uğuru tətbiq edilən rəqəmsal həllərin sayında deyil, texnologiyaların, infrastrukturun və dayanıqlı inkişaf prinsiplərinin insanların doğma yurdlarına qayıdışı naminə necə səmərəli şəkildə birləşdirilməsindədir. Bu təcrübə beynəlxalq ictimaiyyətin diqqətinə layiqdir və münaqişələrin, məcburi köçkünlüyün, eləcə də dayanıqlı inkişaf problemlərinin nəticələri ilə üzləşən digər regionlar üçün nümunə ola bilər.
Qarabağın təcrübəsi beynəlxalq bilik və təcrübə mübadiləsinin mühüm mövzularından birinə çevrilməlidir. Ağalı modeli isə müxtəlif ölkələrdə həyata keçirilən oxşar layihələr üçün uyğunlaşdırıla bilər”, – deyə Layla Al Hadrami vurğulayıb.
Müxbir – Pərvanə Qafarova