Ombudsman Aparatında seçki hüquqları ilə bağlı treninq keçirilib
Bakı, 7 mart, AZƏRTAC
Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə Ombudsman Aparatının əməkdaşları və müvəkkilin regional mərkəzlərinin nümayəndələri üçün seçki hüquqları mövzusunda treninq təşkil olunub. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə çıxış edərək Azərbaycanda seçki hüququnun təmin edilməsi sahəsində atılan mühüm addımlar, həyata keçirilən islahatlar, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, müvəkkilin seçki hüquqları istiqamətində MSK ilə uzun müddət səmərəli əməkdaşlığı barədə danışıb. O, müvəkkilin və Aparatın əməkdaşlarının ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini, referendumları mütəmadi olaraq müstəqil müşahidəçi qismində izlədiyini, bu istiqamətdə kifayət qədər təcrübə qazanıldığını diqqətə çatdırıb.
Aparatın rəhbəri bildirib ki, müvəkkil ötən müddət ərzində MSK ilə birgə müvafiq dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların, KİV-lərin, geniş ictimaiyyətin iştirakı ilə əhali arasında seçki hüquqları, seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi ilə yanaşı, səsvermənin demokratik, sərbəst və şəffaf keçirilməsinə xidmət edən silsilə maarifləndirmə tədbirləri təşkil edib.
Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) 3.10-cu maddəsində seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsinin nəzərdə tutulduğu bildirilib.
Ötən seçkilərdə olduğu kimi, müvəkkilin və Aparatın əməkdaşlarının, o cümlədən ombudsmanın regional mərkəzlərinin nümayəndələrinin 11 aprel prezident seçkilərini də müstəqil müşahidəçi qismində izləyəcəyi diqqətə çatdırılıb.
MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Prezident seçkilərinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, müvəkkilin seçki hüquqları sahəsində fəaliyyətini, Ombudsman təsisatının seçkilərin demokratik, ədalətli keçirilməsi prosesində iştirakını və monitorinqlərini yüksək dəyərləndirib. O, seçki qanunvericiliyi və təcrübəsi, səsvermə qaydası, yerli və beynəlxalq müşahidəçilərin hüquqi statusu, səlahiyyətləri, müşahidələrin aparılması prinsipləri və qaydaları, seçki komissiyalarının səlahiyyətləri, habelə MSK tərəfindən həyata keçirilən silsilə maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verib.
Tədbirdə Ombudsman Aparatı əməkdaşlarının seçki prosesinin həyata keçirilməsi, müşahidəçi kimi hüquq və vəzifələri, habelə müşahidə aparılması ilə bağlı çoxsaylı sualları cavablandırılıb.